Azərbaycan

“Azərenerji” Azərbaycanın enerji sistemində qəzanın səbəbləri barədə məlumat yayıb

“Azərenerji” ASC iyulun 3-də Azərbaycanın enerji sistemində baş verən qəzanın səbəbləri barədə məlumat yayıb.

Məlumata əsasən, iyulun 3-də, saat 00:20 radələrində baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq “Azərbaycan” İES-də işdə olan 7 enerji bloku (1 500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb.

“Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb”, – məlumatda deyilir.

Həmçinin qeyd edilib ki, qəzadan əvvəlki rejimdə “Azərbaycan” İES-də istehsal olunan 1500 MVt gücun 1000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü: “Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti “Azərbaycan” İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub.

“Hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir. “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir”, – məlumatda vurğulanır.

Interfax.az