SOCAR Rusiyadan benzinin idxal edilməsi haqqında müqavilələr bağlamağı planlaşdırır.
Bunu SOCAR-ın neft emalı üzrə vitse-prezidenti David Məmmədov deyib.”Bu müqavilələrin məqsədi idxala tələbat yarandıqda, onu təmin etməkdir. Onu da nəzərə almaq lazımdır ki, oktyabrda Bakı Neft Emalı Zavodu 1 ay müddətinə təmirə dayanacaq”, – deyə o, bu gün “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən jurnalistlərə bildirib.
Vitse-prezidentin sözlərinə görə, müqavilələrin iyunda bağlanması planlaşdırılır. “Rusiyadan “Aİ-92” markalı avtomobil benzininin tədarükü qiymətinə görə daha münasibdir”, – deyə o qeyd edib.
D.Məmmədov tədarükün həcmi barədə məlumat verməyib, belə ki, yay mövsümündə “Aİ-92” markalı benzinə daxili tələbatın necə olacağı barədə proqnoz vermək çətindir.
Onun sözlərinə görə, hazırda Bakı NEZ-də “Aİ-92” markalı benzinin kifayət qədər ehtiyatı yaradılıb.
“Əgər ölkədə benzin 2018-ci ilin may ayındakı göstəriciyə uyğun istehlak olunarsa, yaradılmış ehtiyatlar bizə kifayət edir və benzin idxalına ehtiyac olmayacaq. Tələb may göstəricisini ötərsə, o zaman “Aİ-92” markalı benzinin idxalına zərurət yaranacaq”, – deyə şirkətin vitse-prezidenti qeyd edib.
D.Məmmədov əlavə edib ki, oktyabrda BNEZ-də yenidənqurma və modernləşdirmə işlərinin aparılması ilə əlaqədar müəssisə oktyabrda təmirə dayanacaq.
Azərbaycan 2018-ci ilin I rübündə Rusiyadan $14 mln. 125,29 min dəyərində 20 min 338,76 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.
Bu dövrdə Belarusdan Azərbaycana $304,88 min dəyərində 349,5 ton «Super Euro-98» markalı avtomobil benzini idxal edilib.