Rusiya

Rusiyaya OPEC-ə qoşulmaq təklif olunub

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiyaya müşahidəçi ölkə kimi kartelə qoşulmağı təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) sədri Xalid Əbdüləziz Al Falih deyib.

“Rusiyanı müşahidəçi qismində OPEC-ə qoşulmağa dəvət etmişik. Bu təklifin nəzərdən keçirildiyini düşünürük və Rusiyadan rəsmi olaraq qəbulla bağlı istəyin bildirilməsini səbirsizliklə gözləyirik. OPEC-ə üzv bütün ölkələr Rusiyanın iştirakından razı qalacaqlar”, – deyə nazir bildirib.

“Sputnik” agentliyinin verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak rəsmi Moskvanın OPEC-in bu təklifini diqqətlə araşdırdığını deyib.

Rusiya OPEC-də müşahidəçi olmağa hazırdır? – sualına cavab olaraq A.Novak deyib: “Belə bir təklif həqiqətən var və nəzərdən keçirilir. Biz hazırda bu təklifi diqqətlə araşdırırıq”.

Qeyd edək ki, iyunun 22-də Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasında OPEC+ üzrə neft istehsalının gündəlik 1 milyon barrel artırılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Konqo OPEC-ə 15-ci üzv ölkə kimi qəbul edilib, OPEC Nazirlər Şurasının növbəti – 175-ci iclasının bu il dekabrın 3-də Vyanada keçirilməsinə qərar verilib, eləcə də OPEC üzrə cari ilin may ayında neft hasilatının azaldılmasına dair sazişə 152 faiz əməl olunduğu bildirilib.

İyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclasında isə nazirlər JMMC-nin tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarını müzakirə edib, nəticədə OPEC+ üzrə neft hasilatının hədəf olaraq sutkalıq 1 milyon barrel artırılmasına razılıq veriblər.

Birgə Monitorinq Komitəsi çərçivəsində hansı ölkənin öz neft hasilatını nə qədər artıracağı məsələsi müzakirə ediləcək və razılaşdırılacaq. Neft hasilatının artırılmasına bu il iyulun 1-dən başlanacaq. OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi neft hasilatının könüllü şəkildə artırılmasına və ümumi uyğunluq dərəcəsinə nəzarət edəcək, həmçinin də OPEC və qeyri-OPEC Nazirlər Şurasına bu barədə hesabat verəcək.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.