Azərbaycan

Azərbaycan ötən il sutkalıq 615 min barrel neft ixrac edib

Azərbaycandan keçən il gündəlik orta hesabla 615,3 min barrel xam neft ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Ötən il Xəzəryanı ölkələrdən Rusiyanın sutkalıq neft ixracı 5 milyon 61,5 min barrel, İranın 2 milyon 125 min barrel, Qazaxıstanın isə 1 milyon 370,7 min barrel təşkil edib.

Gündəlik xam neft ixracına görə dünyada ilk sırada 6 milyon 968,3 min barrel ilə Səudiyyə Ərəbistanı, ikinci yerdə Rusiya (5,06 milyon barrel), üçüncü sırada 3 milyon 802 min barrellə İraq, dördüncü yerdə 2 milyon 912,1 min barrellə Kanada, beşinci sırada isə 2 milyon 378,7 min barrel ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Dünyada sutkalıq neft ixracı ən az olan ölkə 23,5 min barrellə Trinidad və Tobaqodur.

Keçən il qlobal neft ixracı gündəlik 44 milyon 753,3 min barrel olub. Bunun 55,6 faizi, yəni sutkalıq 24 milyon 860,9 min barreli OPEC-ə üzv ölkələrdən ixrac edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə gündəlik neft ixracı 7 milyon 693,1 min barrel, keçmiş Sovet İttifaqına üzv ölkələr üzrə isə 7 milyon 156 min barrel olub.