Maraqlı Xəbərlər

ABŞ-ın gündəlik neft hasilatı 10,77 mln. barrelə çatır

ABŞ-ın sutkalıq neft istehsalı 10,76 milyon barreli keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 44 min barrel artaraq 10 milyon 769 min barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkədə neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Bundan başqa, ABŞ-ın gündəlik neft hasilatı son 20 həftənin 19-da artım göstərib.

Ötən hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 528 min barrel azalaraq 7,63 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 431 min barrel çoxalaraq 2,18 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.

EIA-nın may ayı üzrə proqnozuna görə isə ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,9 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.