Rusiya

Rusiyada oktan ədədi 100 olan benzin satışda

“Gazprom Neft” şirkəti (“Gazprom”un törəmə şikəti) Rusiyanın bir sıra regionlarında oktan ədədi 100 olan “G-Drive” markalı benzin  satmağa başlayıb.

Caspian Barrel şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər bu marka yanacaq yalnız pilot layihəsi çərçivəsində “Gazprom Neft”-in Novosibirsk şəhərindəki  yanacaqdoldurma məntəqələrində mövcud idi. İndi isə ən yüksək oktanlı benzinin Rusiyada kütləvi satışına start verilib.

“Biz “G-Drive” markalı benzini idman avtomobillərində və bolidlərdə yarış şəraitlərində testdən keçirtdik, sonra isə həmin yanacağı  müxtəlif markalı müasir mühərrikli sedanlarda sınağa başladıq. Nəticə bu oldu ki, 100 oktan ədədli benzinimiz texniki pasportunda 95 markalı benzin göstərilən bütün avtomobillər üçün uyğundur. Artıq üç ildir ki, “G-Drive” “Gazprom Neft”-in Şərqi Avropadakı stansiyalarında yüksək populyarlıq qazanıb”- deyə “Gazprom Neft “şirkətinin regional satış üzrə direktoru Aleksandr Krylov bildirib.

May ayından “G-Drive”-ın satışı Moskva, Sankt-Peterburq və Nijni Novqoroddakı yanacaqdoldurma məntəqələrində başlayıb. Bundan xeyli əvvəllər isə Novosibirsk şəhərində satışlara start verilib.

Şirkət bildirir ki, ilin sonuna qədər Rusiyanın digər regionlarında da “Gazprom Neft” yanacaqdoldurma məntəqələrində 100 oktanlı benzin əldə etmək mümükün olacaq.

“Gazprom Neft” şirkəti qeyd edib ki, 100 oktan ədədli benzinin istehsalı yanacağa aşqarlar qatılması nəticəsində oktan ədədinin yüksəldilməsi deyil.  “Biz bunu Omsk Emalı Zavodunun modernləşdirilməsi sayəsində – benzinin  qarışdırılması avtomatlaşdırılmış stansiyasının tikintisindən sonra əldə edə bildik”, – deyə izah etdilər.