Rusiya

“Rosneft” Venesueladakı 2 qaz yatağı üçün yekun investisiya qərarını hazırlamağı planlaşdırır

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” 2020-ci ildə Venesuelada iki təbii qaz yatağının – “Patao” və “Mejillones”in inkişaf etdirilməsi üçün yekun investisiya qərarını (FID) hazırlamağı planlaşdırır.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” “Patao” və “Mejillones” yataqlarında 100 faizlik səhmə sahibdir. Şirkət, həmçinin yataqlardan istehsal olunacaq qazın bütün həcmini ixrac etmək hüququna malikdir.

“Rosneft” 15 il ərzində buradan 6,5 milyard kubmetr qaz çıxarmağı hədəfləyir. Hasil edilən qaz əsasən LNG formasında ixrac olunacaq. İki yataqdakı geoloji qaz ehtiyatları 180 milyard kubmetr təşkil edir.

Xatırladaq ki, 2017-ci ilin sonunda Venesuela rəsmiləri “Patao” və “Mejillones” qaz yataqlarını 30 il müddətinə inkişaf etdirmək üçün “Rosneft”ə lisenziya verib.