ABŞ şist nefti istehsalında artımı dəstəklənməsi üçün “qara qızıl”ın qiymətini bilərəkdən bahalaşdırmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.
Bijən Namidar Zəncənənin sözlərinə görə, neftin qiymətinin 60-65 dollar/barrel səviyyəsində olması məqbul hesab edilir: “Neftin qiymətinin bahalaşması ABŞ-da şist nefti istehsalına sərmayələrin artmasına və ölkədə daha çox iş yerinin yaranmasına səbəb ola bilər”.
Nazir daha əvvəl qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması rəsmi Tehranın neft ixracına təsir etməyəcək: “İranın neft sektorunu inkişaf etdirmək üçün xarici investorlara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyalarından ötəri xarici investorlar İrandan uzaqlaşmağa qərar verəcəkləri təqdirdə ölkənin neft sektoru inkişafdan qalmayacaq. İranın neft hasilatının ilin sonuna qədər eyni səviyyədə qalacağı gözlənilir”.