Türkmənistan

Mırat Arçayev: Transxəzər Qaz Kəməri layihəsi gündəlikdən çıxarılmayıb

Transxəzər Qaz Kəməri layihəsi gündəlikdən çıxarılmayıb.

AZƏRTAC Türkmənistan neft-qaz kompleksinin elektron qəzetinə istinadla xəbər verir ki, Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev bu sözləri “Avaza” milli turizm zonasında keçirilən IX Beynəlxalq Türkmənistan Qaz Konqresində (TGC-2018) söyləyib.

“Türkmənqaz” Dövlət Konserni tərəfindən təşkil olunmuş forumda dünyanın müxtəlif ölkələrindən müvafiq nazirlik və idarələrin rəhbərləri və aparıcı mütəxəssisləri, 70-dən çox iri neft-qaz, servis və konsaltinq şirkətlərinin top-menecerləri, nüfuzlu beynəlxalq təşkilatların, elmi-tədqiqat mərkəzlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun IX Beynəlxalq Qaz Konqresinin iştirakçılarına müraciətində deyilir: “Türkmənistan zəngin təbii ehtiyatlarından öz xalqının və başqa xalqların rifahı üçün istifadə etməyə çalışır. Bu baxımdan, Beynəlxalq Qaz Konqresi böyük əhəmiyyət kəsb edir. Hər il keçirilən bu forumun məqsədi ölkənin sənayeləşmə sürətinin artırılması, milli iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz yataqlarının birgə mənimsənilməsi üçün investisiyalar cəlb edilməsi, dünya bazarlarında yüksək tələbat olan məhsulların istehsal həcminin artırılması üzrə mühüm proqramların uğurla həyata keçirilməsinə şərait yaratmaqdır”.

Yaxın yeddi ildə neft-qaz kompleksinə sərmayə qoyuluşunun həcmi intensiv şəkildə artırılaraq 159,9 milyard manata çatdırılacaq. Dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Akçayev Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisindən söhbət açaraq bu kəməri strateji əhəmiyyətli təşəbbüs adlandırıb. O bildirib ki, Transxəzər Qaz Kəməri layihəsi də gündəlikdən çıxarılmır. Dövlət naziri deyib: “Bu baxımdan, bir neçə il bundan əvvəl istifadəyə verilmiş, ölkənin bütün qaz magistrallarını vahid sistem şəkildə birləşdirən “Şərq-Qərb” qaz kəməri Türkmənistanda hasil olunan təbii qazın ixracı üçün strateji əhəmiyyətli boru kəməri infrastrukturu hesab edilməlidir.