Azərbaycan

Meksika nümayəndə heyəti Bakıda Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransında iştirak edəcək

Meksika nümayəndə heyəti Bakıda keçiriləcək Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransında ilk dəfə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanda fəaliyyətinin 3 ilinin tamam olması münasibətilə keçirdiyi mətbuat konfransında məlumat verib.

1992-ci ildə Azərbaycanın müstəqilliyinin Meksika tərəfindən tanındığını deyən səfir ölkəmizin 2007-ci ildə Meksikada səfirliyinin açılmasından sonra yüksək səviyyədə əməkdaşlığa başlanıldığını bildirib. 2011-ci ildə Meksikada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edildiyini xatırladan diplomat münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu qeyd edib.

Səfir deyib ki, ötən il Meksika və Azərbaycan arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində sazişlər imzalanıb. Diplomat iki ölkə arasında ticarət əlaqələrinə toxunaraq, ticarət dövriyyəsinin ötən illər ərzində artdığını bildirib.

Səfir Azərbaycan ilə Meksika arasında əlaqələrin daha geniş məcrada inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.