İran

İranın neft naziri: “Total”ın yerinə CNPC keçəcək

Çin Milli Neft-qaz Korporasiyası (CNPC) İrandakı 4,2 milyard avroluq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsində Fransanın “Total” neft-qaz şirkətinin yerini alacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir bildirib ki, “Total” layihədən çıxacağı təqdirdə onun yerinə CNPC keçəcək: “Razılaşmaya görə, “Total” layihədən çıxarsa təzminat ödəməyəcək. Əgər CNPC də layihəni həyata keçirmək istəməzsə İran Petro Pars şirkəti bu işləri görəcək”.

Xatırladaq ki, “Total” və layihədəki tərəfdaşları, İran Petro Pars şirkəti və CNPC keçən ilin iyul ayında İran Neft Nazirliyi ilə 20 il müddətinə 4 milyard 200 milyon avroluq müqavilə imzalayıb.

Ötən gün isə “Total” ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarından sonra “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsini davam etdirə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrında İranın Neft Nazirliyi “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi barədə “Total” şirkəti ilə razılığa gəlmişdi. Bu, İran və Qərb ölkələri arasında həyata keçirilən nüvə razılaşması ilə Tehran hakimiyyətinə tətbiq edilən iqtisadi sanksiyaların azaldılmasından sonra bağlanan ilk müqavilə idi.

“Total” şirkəti 2012-ci ildə də Fransanın İrana tətbiq olunan iqtisadi sanksiyalarda iştirak etməsindən sonra bu ölkədəki fəaliyyətini dayandırmışdı.