Azərbaycan

Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir

Mayın 21-də SOCAR prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılmışdır.

Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanmış, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunmuşdur.

SINOSURE ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O öz fəaliyyətini 2001-ci ilin dekabr ayında başlamışdır. Mənzil-qərargahı Pekində yerləşir. Sinosure ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırmışdır. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalamışdır. Sinosure hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.

Socar.az