Azərbaycan

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 8% artıb

2018-ci ilin 1-ci rübündə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə 173 mln. ABŞ dolları xərclənib.

Boru kəməri üzrə xərclərin həcmi illik müqayisədə 12% azalıb.

Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, boru kəməri üzrə fəaliyyətlərə təqribən 8 mln. dollar (33% çox) əməliyyat xərcləri və 165 mln. dollar (13,6% az) əsaslı xərclər sərf edilib.

Rüb ərzində kəmərin gündəlik orta ötürücülük gücü təqribən 23,1 mln. kubmetr qaz olub ki, bu da ötən ilin I rübündən 7,9% çoxdur.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.

“CQBK” şirkətinin sərmayədarları qismində BP (28,8%), “AzSCP” (10%), “SGC Midstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.