Rusiya

Albayrak: 2019-cu ilin sonunadək “TurkStream”in ikinci xəttinin inşası tamamlanacaq

Türkiyə ilə Rusiya 2019-cu ilin sonuna qədər “Türk axını” qaz boru kəmərinin (“TurkStream”) ikinci xəttinin inşasını tamamlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir bildirib ki, tərəflər 2019-cu ilin sonunadək “TurkStream”in ikinci xəttini birgə başa çatdırmaq üçün müqavilə imzalayacaq. Həmçinin “TurkStream Gas Transport” adlı birgə müəssisə yaradılacaq: “Türkiyə ilə Rusiya 2019-cu ilin sonuna qədər “TürkStream”in ikinci xəttini tamamlayacaq. Beləliklə, biz 2019-cu ilin sonunadək nəhəng layihəni başa çatdıracağıq”.

Qeyd edək ki, Rusiya təbii qazını Qara dənizin altından daşıyacaq “Türk axını” layihəsinin birinci xətti bu ayın əvvəlində Türkiyə sahillərinə çatıb. İşlər tamamlandıqdan sonra Kıyıköydəki təbii qaz qəbulu terminalından milli şəbəkəyə ilk qaz 2019-cu ildə veriləcək.

“TurkStream”in dəniz hissəsinin inşasının təxminən 50 faizi yekunlaşıb. Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

“TurkStream” layihəsi üzrə Avropa bazarı üçün nəzərdə tutulan ikinci xəttin quru hissəsinin inşası isə “Botaş” və “Gazprom”un quracağı birgə şirkət tərəfindən inşa ediləcək. İkinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır.

Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.