Almaniyada “Şimal axını 2”nin tikintisinə başlanılıb
Almaniyada “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin inşasına start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom”un törəməsi “Nord Stream 2” şirkəti məlumat yayıb. Bildirilir ki, Lubmin şəhərində təbii qaz qəbulu terminalları və müayinə mərkəzinin tikintisinə başlanılıb.
Xatırladaq ki, yanvarda Almaniya tərəfindən “Şimal axını 2” qaz boru kəmərinin inşasına dair icazə verilib. “Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.
Qeyd edək ki, ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.