ABŞ, Böyük Britaniya və Avropa Komissiyası mayın 30-31-də Bakıda keçiriləcək XXVI yubiley Beynəlxalq “Caspian Oil and Gas” sərgi-konfransında təmsil olunacaq.
AZƏRTAC “Iteca Caspian” şirkətinə istinadla xəbər verir ki, builki “Caspian Oil and Gas” sərgi-konfransının yüksəkrütbəli qonaqları arasında ABŞ-ın enerji siyasəti üzrə katib köməkçisinin müavini xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Avropa Komissiyasının büdcə və insan resursları üzrə avrokomissarı Günter Oettinger, BP-nin upstrim üzrə rəhbəri Bernard Looney və Rusiyanın Başqırdıstan Respublikasının Baş nazirinin müavini Fərhad Səmədov var.
Qeyd edək ki, “Caspian Oil and Gas” konfransı aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır. “Caspian Oil and Gas” sərgi-konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.