Dünyanın ikinci ən böyük neft sahələrinə xidmət şirkəti olan “Halliburton”un gəliri 34 faiz artıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Halliburton”un bu ilin birinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq 5,74 milyard dollar olub. Şirkət ötən ilin yanvar-mart aylarında 4,28 milyard dollar qazanıb.
“Keçən ilin ilk 3 ayında 32 milyon dollar zərər edən şirkət bu ilin eyni dövründə 46 milyon dollar xalis mənfəət əldə edib. Ötən ilin birinci rübündə hər bir səhm üçün 0,04 dollar itirən şirkət bu ilin müvafiq dövründə hər bir səhm üçün 0,05 dollar mənfəət götürüb”, – deyə şirkətin açıqlamasında bildirilir.
“Halliburton”un cari ilin ilk rübündə gəlir və mənfəətinin artmasına baxmayaraq, şirkətin Nyu-York Fond Birjasında əməliyyat görən səhmlərinin qiymətində azalma müşahidə olunub.