Türkmənistan

Türkmənistan enerji ehtiyatları bazarında mövqelərini genişləndirir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Türkmənistan – Böyük İpək yolunun qəlbidir” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi – səfirliyin konsulu Batır Rəcəbov Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2018-ci ildə ölkədə “Türkmənistan – Böyük İpək yolunun qəlbidir” devizi elan edilməsini bildirib. Diplomat deyib: “Ta qədimdən “yeddi yolun ayrıcı” adlanan Türkmənistan ərazisindən keçən çoxsaylı karvan yolları əsrlər boyu Şərqlə Qərb xalqları arasında ticarət və mədəni əməkdaşlıq yolları kimi xidmət edib.

Yeni tarixi dövrdə ölkəmizdə iri beynəlxalq və regional layihələr, o cümlədən Mərkəzi Asiya və digər regionlar arasında qarşılıqlı ticari-iqtisadi münasibətlərin, energetika və nəqliyyat-kommunikasiya sahələrində mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə imkan yaradan layihələr icra edilir.

Ölkəsində icra olunan layihələr barədə danışan B.Rəcəbov Türkmənistan-Çin qaz kəmərini və hazırda tikintisi davam edən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan transmilli qaz kəmərini xüsusi qeyd edərək vurğulayıb ki, bu kəmər keçmişdə Uzaq, Orta və Yaxın Şərqi Qərbi Avropa ilə birləşdirən Böyük İpək yolunun mühüm marşrutu boyunca keçir. Diplomat deyib: “Qazaxıstan-Türkmənistan-İran və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolları, Aşqabadda və əyalətlərdə hava limanları, sürətli avtomagistrallar, Amudərya üzərindən körpülər, Türkmənbaşı şəhərində beynəlxalq dəniz limanı, ölkədə istismara verilmiş və hələ tikintisi davam edən digər obyektlər beynəlxalq nəqliyyat dəhlizinin mühüm halqaları olacaq”.

Səfirliyin attaşesi Atamırat Ballıbayev bildirib ki, Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Müstəqil auditin hesablamalarına görə, “Yaşlar” və “Qarakel” yataqları ilə birgə bu günə ehtiyatları 27 trilyon kubmetr qiymətləndirilən “Qalkınış” qaz yatağı sürətlə işlənilir. Yataq tikilməkdə olan TAPI qaz kəmərini ildə 33 milyard kubmetr qazla təmin edəcək. Diplomat qeyd edib ki, neft və qaz hasilatının artması, Türkmənistanın enerji daşıyıcılarının dünya bazarlarına nəqli üçün çoxvektorlu sistemin yaradılması ilə yanaşı, neft-qaz sənayesinin şaxələndirilməsinə, karbohidrogen xammalının işlənilməsi üzrə ixtisaslaşan, o cümlədən neft kimyası, qaz kimyası, kimya və elektrik energetikası sahələrinə aid iri sənaye obyektlərinin tikintisinə böyük diqqət ayrılır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft yataqlarının işlənilməsi və istismarı” kafedrasının müdiri, professor Tulparxan Salavatov “Neft Daşları”nda özünün neftçi karyerasına necə başlamasından, bu əfsanəvi layihənin həyata keçməsi üçün hansı ruh yüksəkliyi ilə çalışmalarından danışıb. O, həmçinin artıq SOCAR-da işlədiyi dövrdə “Əsrin Müqaviləsi”nə hazırlıq işlərinə dair xatirələrini bölüşüb. Professor T. Salavatov əsas prinsipləri Azərbaycan xalqının rifahı naminə zəngin neft və qaz ehtiyatlarının səmərəli istifadəsi olan ölkənin neft strategiyasının işlənilməsində ümummilli lider Heydər Əliyevin əhəmiyyətli rolundan danışıb.

Əcnəbi tələbələrlə iş üzrə dekan Yaşar Həsənov bu ali məktəbdə təhsil alan türkmənistanlı tələbələr barədə danışıb. O bildirib ki, universitetdə 20 ölkənin nümayəndəsi təhsil alır. Bunların arasında Türkmənistandan olanlar daha çoxdur, hazırda onların sayı 100-ü keçib. Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq, hər il türkmənistanlı tələbələrin sayı 40-50 nəfər artır. Həmçinin müxtəlif fakültələrdə oxuyan bu tələbələrin müvəffəqiyyət dərəcələri də artır.

Türkmənistanlı tələbələr adından çıxış edən Azat Taşlıyev belə mötəbər ali neft məktəbində aldıqları biliklərə görə professor-müəllim heyətinə təşəkkür edib, Türkmənistanın neft strategiyası barədə danışıb.