Azərbaycan

Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ səfiri Robert Sekutanı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.

Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib. Energetika naziri səfiri Azərbaycanda diplomatik fəaliyyəti dövründə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfəni bir daha vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.