logo

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Views: 168

Dünən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankın Müşahidə Şurasının tərkibi yenilənibReport” Banka istinadən xəbər verir ki, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanına uyğun olaraq, bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Nazirin sözlərinə görə, Bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının (MŞ) tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov MŞ-nın sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov MŞ-nın yeni üzvləri təyin olunublar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İH sədrinin I müavini Abbas İbrahimova həvalə edilib.

Səhmdarların ümumi yığıncağında ABB-nin kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib.

Xatırladaq ki, Ş.Mövsümov 1972-ci ildə anadan olub, 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib, 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. O, 1995-ci ildən Azərbaycan Mərkəzi Bankında (AMB) müxtəlif rəhbər vəzifələrdə çalışıb,  2006-cı ilin mayından ARDNF-in icraçı direktorudur.

MŞ-nın yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, İqtisad üzrə fəlsəfə doktorudur. O, 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, AMB-də, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2016-cı ilin iyunundan isə maliyyə nazirinin müavindir.

MŞ-nın yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub, 2002-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. O, 1999-cu ildən başlayaraq Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), Milli Məclisdə, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2014-cü ilin martından isə iqtisadiyyat nazirinin müavinidir.

MŞ-nın yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2011-2012-ci ildə Avropanın “Instituto de Empresa” (IE) biznes məktəbində (İspaniya, Madrid) MBA təhsili alıb. O, 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb, 2016-cı ilin dekabrından son təyinata qədər isə ABB-nin İH-nin sədri olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart