Türkmənistan

TAPI qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start verilib

Fevralın 23-də Türkmənistan-Əfqanıstan sərhədində – Sərhətabad şəhərində TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) kəmərinin Əfqanıstan sahəsinin tikintisinin təməlqoyma mərasimi olub, Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, təməlqoyma mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni, Pakistan Baş naziri Şahid Hakan Abbasi, Hindistanın xarici işlər üzrə dövlət naziri Muşabar Cavad Akbar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Asiya İnkişaf Bankının nümayəndələri, TAPI-nın iştirakçı ölkələrinin, Mərkəzi Asiya regionu və digər ölkələrin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qaz xəttinin yeni sahəsinin təməlqoyma mərasimində çıxış edərək bildirib ki, bu boru kəməri müasir qaz nəqliyyatı infrastrukturunda mühüm hissə olacaq. Türkmənistan bu infrastrukturu modernləşdirir və milli iqtisadiyyatın müxtəlif sahələrinin artan tələbatını, habelə dünyada enerjidaşıyıcılarına tələbatı nəzərə alaraq, onu inkişaf etdirir. TAPI enerji təchizatı məsələlərini həll etməyə, minlərlə yeni iş yeri açmağa, regionun enerji təhlükəsizliyi məsələlərinin həllinə imkan yaradacaq. Türkmənistan Prezidenti qaz kəmərinin maliyyələşdirilməsini tamamilə öhdəsinə götürmüş Asiya İnkişaf Bankına xüsusi təşəkkürünü bildirib.

Dəmir yolunun açılan hissəsinin əhəmiyyətindən danışan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu, əmtəə dövriyyəsini dəfələrlə artırmağa imkan verəcək. “Bu yol yüklərin Əfqanıstandan dünyanın müxtəlif ölkələrinə çatdırmağa şərait yaradacaq. Əfqanıstan digər nəqliyyat dəhlizlərinə, o cümlədən Xəzər vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəyə, Avropa bazarlarına çıxa bilər”, – deyən Prezident bu yolu qardaşlıq yolu adlandırıb.

Tədbirdə çıxış edən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni TAPI-nı regionun inkişafı baxımından böyük hadisə adlandıraraq deyib: “TAPI ölkələrimizi birləşdirən dəhlizdir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi layihədir. Bu region tarixən böyük ticarət mərkəzi olub. İndi bizim ölkələrimiz əməkdaşlığın yeni qızıl mərhələsini yaşayırlar”.

Pakistanın Baş naziri Şahid Hakan Abbasi TAPI-nın reallaşdırılmasına görə Türkmənistana minnətdarlığını bildirib. “Bu qaz kəməri Pakistanın 200 milyondan çox əhalisinin 10 faizini təchiz etməyə imkan verəcək”, – deyə Baş nazir bildirib.

Hindistanın xarici işlər üzrə dövlət naziri Muşabar Cavad Akbar bu layihənin əhəmiyyətindən, qaz kəmərinin region ölkələrinin iqtisadiyyatına və əhalisinin sosial inkişafına verəcəyi faydadan danışıb. “TAPI xalqlarımızın qardaşlığının, iqtisadi tərəqqidən ibarət olan ümumi məqsədlərimizin rəmzidir”, – deyən dövlət naziri qeyd edib ki, Hindistan iqtisadiyyatı hər il 7 faiz genişlənir, onun xüsusən informasiya texnologiyaları sahəsində böyük perspektivləri var.

Qaz kəməri ilə yanaşı, Türkmənistan-Əfqanıstan sərhədində Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik lifli rabitə xəttinin tikintisinin təməli qoyulub, həmçinin Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara verilib.

Transmilli TAPI qaz kəməri marşrutu boyunca çəkilən 500 kilovoltluq elektrikötürmə xətti həm qaz kəmərinin ehtiyacı üçün, həm də region ölkələrinin elektrik enerjisinin təminatı üçün nəzərdə tutulub. Rabitə xətti isə regionun qərbi ilə şərqi, şimalı ilə cənubu arasında telekommunikasiya körpüsü rolunu oynayacaq.

Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolunun açılışında qeyd olunub ki, dalan yollarla birlikdə 13 kilometr dəmir yolu çəkilib və müasir infrastruktur yaradılıb. Dəmir yolu Turqundi stansiyasının ötürücülük qabiliyyətini yüksəldəcək, Əfqanıstanın ticarət dövriyyəsi üçün əhəmiyyətini artıracaq. Bu dəmir yolu xətti Əfqanıstanın öz məhsullarını dünya bazarlarına çıxarması və eləcə də xaricdən lazımi malların gətirilməsi üçün daha münasib vasitə olacaq.

Xatırladaq ki, Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi ötən ilin sonunda Bakıya səfəri zamanı ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə böyük maraq göstərdiyini və bu marşrutun Əfqanıstandan olan yükdaşımalara böyük imkanlar açdığını bildirmişdi.

Sonra TAPI qaz kəmərinin tikinti işlərinin başlanması mərasimi Əfqanıstan ərazisində – Herat şəhərində davam edib.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. Kəmərin tikintisi və istismarını həyata keçirən “TAPI Pipeline Company Limited” konsorsiumunun səhmlərinin 85 faizinin sahibi “Türkmənqaz” dövlət konsernidir. Əfqanıstan qaz korporasiyası, Pakistanın “Inter State Gas Systems (Private) Limited” və Hindistanın “GAIL” şirkətləri bu konsorsiumda hərəyə 5 faiz paya malikdir. TAPI qaz kəməri Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədinin Fazilka yaşayış məntəqəsinədək uzanacaq.

Ümumi uzunluğu 1814 kilometrə yaxın olan boru xətti Türkmənistan ərazisindən 214 kilometr, Əfqanıstan ərazisindən 744 kilometr, Pakistandan 826 kilometr keçməklə, Hindistanın Fazilka yaşayış məntəqəsinə çatacaq. Kəmərin illik gücü 33 milyard kubmetr təbii qaz təşkil edəcək.

Avropa İttifaqı TAPI kəmərinin 2020-ci ildə Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Cənub Qaz Dəhlizi ilə birləşdirilməsi məsələsini müzakirə edir.