Türkmənistan

TAPI layihəsinin həyata keçirilməsi mərhələlərinin qrafiki təsdiqlənib

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan transmilli qaz kəməri (TAPI) layihəsinin reallaşdırılması mərhələlərinin həyata keçirilməsi qrafiki təsdiq edilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistanın Marı şəhərində TAPI qaz kəməri layihəsinin Rəhbər Komitəsinin iclası keçirilib. TAPI-nın iştirakçı ölkələrinin aidiyyəti nazirlikləri və idarələrinin yüksək vəzifəli şəxsləri və nümayəndələri, həmçinin layihəni maliyyələşdirən Asiya İnkişaf Bankının təmsilçiləri iclasda iştirak ediblər.

İclasda bu nəhəng layihənin həyata keçirilməsi üzrə sonrakı işlərə dair əsas məsələlər müzakirə olunub. Xüsusilə, qaz kəməri tikintisinin mərhələlərə ayrılmasına dair qərar qəbul edilib və onların həyata keçirilməsi qrafiki təsdiqlənib.

İclas iştirakçıları maliyyə müşavirinin seçilməsi, xarici sərmayələrin cəlb olunması məsələlərinə xüsusi diqqət yetirib, habelə qəbuledici ölkələrin (Əfqanıstan və Pakistan) hökumətləri ilə imzalanması nəzərdə tutulan sazişlərin hüquqi statusunu müzakirə ediblər.

Görüş zamanı “Türkmənqaz” Dövlət Konserninin rəhbərliyi ilə “TAPI Pipeline Company Limited” konsorsiumunun gördüyü işlərə dair hesabat dinlənilib. Hüquqi və texniki aspektlərlə bağlı mühüm məsələlər razılaşdırılıb və müvafiq qərarlar qəbul olunub.

TAPI qaz kəmərinin tikintisinə 2015-ci il dekabrın 13-də başlanılıb. “Türkmənqaz” Dövlət Konserni “TAPI Pipeline Company Limited” konsorsiumunun qaz kəmərinin tikintisi və istismarı üzrə səhmlərinin 85 faizinə sahibdir. Əfqanıstan Qaz Korporasiyası, Pakistanın “Inter State Gas Systems (Private) Limited” və Hindistanın GAIL şirkətlərinin payı 5 faiz təşkil edir. Qaz kəmərinin marşrutu Əfqanıstanın Herat və Qandahar, Pakistanın Kvetta vı Multan şəhərlərindən keçməklə Hindistan sərhədindəki Fazilka yaşayış məntəqəsinədək uzanacaq. TAPI üçün qaz Türkmənistandakı ən böyük təbii qaz yatağı olan “Qalkınış”da hasil ediləcək.

Uzunluğu 1814 kilometrə yaxın olan bu kəmərin 214 kilometri Türkmənistan, 744 kilometri Əfqanıstan, 826 kilometri Pakistan ərazisindən keçəcək. Qaz kəmərinin illik nəqletmə gücü 33 milyard kubmetr olacaq. 2018-ci il fevralın 23-də TAPI-nın Əfqanıstandakı hissəsinin tikintisinə başlanılıb.

Xatırladaq ki, Avropa İttifaqı TAPI kəmərinin 2020-ci ildə Azərbaycandan təbii qaz alacağı Cənub Qaz Dəhlizinə qoşulması məsələsini müzakirə edir.