logo

“SOCAR Karbamid” zavodunda ilk məhsulun istehsalı avqustda nəzərdə tutulur

Views: 42

“SOCAR Karbamid” zavodunda ilk məhsulun istehsalı avqust ayında planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, “SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu – azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

Sumqayıtdakı Azot gübrəsi – karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart