Azərbaycan

SOCAR Gürcüstana ötən il 219 min ton neft məhsulları ixrac edib

2017-ci il ərzində Azərbaycandan Gürcüstan bazarına 219 336 ton neft məhsulları ixrac olunub.

Ötən il Azərbaycandan Gürcüstana 2,203 mlrd. kubmetr təbii qaz nəql edilibBu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətindən bildirilib.

Şirkətdən həmçinin qeyd olunub ki, ümumilikdə, 2017-ci il ərzində Azərbaycandan Gürcüstana 2,203 mlrd. kubmetr təbii qaz nəql edilib.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. “SOCAR Energy Georgia” 2006-cı ildə yaradılıb.

SOCAR Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Bu əməliyyatlar “SOCAR Georgia Petroleum” vasitəsilə həyata keçirilir. Gürcüstanda SOCAR brendi altında 115 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür. Azərbaycan qazı Gürcüstana iki boru kəməri – Cənubi Qafqaz Boru Kəməri və Qazıməmməd-Qazax boru xətti ilə nəql olunur. Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən, Qazıməmməd-Qazax kəməri ilə isə SOCAR-ın hasil etdiyi qaz nəql edilir.

SOCAR “SOCAR Georgia Gas” şirkəti vasitəsilə Gürcüstanın qazpaylayıcı şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkəti 2007-ci ildə yaradılıb.