Azərbaycan

Neft Fondunun aktivləri $35,8 mlrd-ı keçib

2017-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 12 milyard 137,5 milyon manat, büdcə xərcləri isə 11 milyard 15,5 milyon manat təşkil edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 milyard 53,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 30 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat təşkil edib. Ötən il ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 83,6 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar gəliri 876,2 milyon manat təşkil edib.

Hesabat ili ərzində ARDNF-in 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 100 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb. 17 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 3 milyard 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. “Star” neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil edib.

2018-ci il yanvarın 1-nə Neft Fondunun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8,02 faiz artaraq 35 milyard 806,5 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.