Azərbaycan

İlham Şaban: Reallıq göstərdi ki, zamanla ayaqlaşa bilərik – müsahibə

Ötən il Azərbaycanın neft hasilatı azalsa da, gəlirləri artmağa başladı…

2018-ci ilin Azərbaycanın neft və qaz layihələrinin icrası baxımından uğurlu olacağı gözlənilir. Belə ki, cari ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək. Bununla da Azərbaycan qazı Avropaya çatdırılacaq.

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması nəticəsində ölkənin hasilat səviyyəsinin sabit qalacağı fikri irəli sürülür.

Neftin hasilatı, dünya bazar qiyməti, eləcə də, Azərbaycanın enerji layihələrinin iqtisadiyyatdakı rolu ilə bağlı Oxu.Az-ın suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb:

– 2018-ci ildə neftin dünya bazar qiyməti ilə bağlı gözləntilər nədən ibarətdir?

– Bu il sürprizlə başladı. Belə ki, ilin əvvəlində neftin qiyməti günbəgün artım nümayiş etdirdi. Təxminən bir həftə ərzində “qara qızıl” 70 dollardan yuxarı da oldu. Yanvar  ayında Brent markalı neftin orta qiyməti 69 dollar, Azərbaycan neftinin orta qiyməti isə 70 dolları ötdü. Onu deyim ki, heç də gözlənilən hal deyildi. Yəni hansısa beynəlxalq enerji qurumu, beyin mərkəzi yanvar ayı üzrə bu qiymətləri proqnozlaşdırmamışdı.

Düzdür, 2017-ci ildə neftin dünya bazarlarında qiyməti orta hesabla 20,48% artım baş vermişdi. Brent markalı neft 2017-ci ili 55.54 dollarla başa vurmuşdu. 2016-cı ildə isə bu göstərici 46 dollardan bir qədər yüksək olmuşdu.

OPEC və OPEC+ iştirakçılarının atdıqları addımlar bazarda qiymətlərin tənzimlənməsində müstəsna əhəmiyyətli addımlar idi, o baxımdan ki, neft karteli öz kvotalarını 2008-ci ildən indiyə qədər dəyişməmişdi. Baxmayaraq ki, 1982-2008-ci illərdə kvotaların dəyişilmə sayı 52 dəfə baş vermişdi.

Beləliklə, OPEC bir təşkilat kimi hələ də bazara kifayət qədər təsir edə biləcək imkanlara malik olduğunu göstərdi.

– Neft ilin əvvəlindəki 70 dollar səviyyəsini də qoruyub saxlamadı və yenidən ucuzlaşdı…

– Neftin qiymətləri heç vaxt stabil vəziyyətdə qalmır, müəyyən dövriliklə daim dəyişir. Təsəvvür edin ki, 2009-cu ildən neft artıma doğru gedirdi. Elə isə məntiqlə neftin qiymətində eniş olmamalı idi?

Deyilə bilər ki, enmə tempi çox oldu və buna görə siyasi çalarlara şübhə yarandı. Əsla! 2008-ci ildə neft qiymətləri altı ayda 148 dollardan 37 dollara qədər ucuzlaşdı, 2014-cü ildə isə 110 dollardan 60 dollara qədər ucuzlaşması üçün yarım il zaman lazım oldu.

2016-cı ilin yanvarına qədər neft qiymətlərində minimal hədd müşahidə edildi (27 dollar), 13 aya qədər vaxt keçdi və sonra neft artıma üz tutdu. Yəni qiymətlərin dəyişməsi, bazarda bərqərar olması, istehsalçı, daşıyıcı və alıcı arasında 50-60 dollar dəhlizində münasibətlərin formalaşması artıq üç ildən artıq bir müddətdir ki, davam edir.

Bu, ona dəlalət edir ki, ortada siyasi faktorlar deyil, iqtisadi amillər üzərində stabil neft qiymətləri formalaşır.

İl boyu neftin qiymətlərində müəyyən artımlar və azalmalar müşahidə edilir.

Bu, niyə baş verir? Məsələn, ötən ilin oktyabrında İraq Kürdüstanının özünün müstəqilliyini elan etməsi neft qiymətlərinə təsir edən amil oldu. Ancaq elə həmin hadisədən bir qədər sonra Səudiyyədə “şahzadələrin həbsi” məsələsi cəmi bir neçə gün neft bazarını gərginlikdə saxlaya bildi və ümumilikdə, aylıq nəticələrdə özünü göstərmədi.

Neft qiymətləri iqlim faktorlarından da asılı olur. Baxın, cari il başlayan kimi şimal yarımkürəsində son 50 ilin ən soyuq hava şəraiti qeydə alındı. Kanadada, ABŞ-da, Avropada, hətta Mərkəzi Asiyada 50-30 dərəcə şaxta oldu.  Enerjiyə tələbin artması neftin qiymətinin yüksəlməsinə gətirib çıxardı.

– İstər yerli, istər xarici mətbuatda bir sıra hallarda neftin qiyməti məsələsinin məhz siyasi amillərlə bağlantısını vurğulayırlar. Buna görə heç də OPEC və ona dəstək verən OPEC+ ölkələrinin səylərini qabartmağa lüzum görmürlər. Sizcə, bu, nə dərəcədə həqiqəti əks etdirir?

– Neftin qiymətinin formalaşmasında bir sıra amillər mühüm rol oynayır. Bu amillərdən biri siyasi faktordur. Ancaq sözügedən amil həlledici faktor kimi neftin qiymətlərində xeyli müddət özünü göstərə bilməz.

Ümumiyyətlə, nəinki tək siyasi faktor, heç digər amillər də neftin qiymətində hömkranlıq gücünə malik deyil. Neft başqa xammallardan onunla fərqlənir ki, dünyada hələ heç bir xammala belə tələbat yoxdur.

Bu xammala gündəlik tələbat hazırda 99 milyon bareldir. Ötən il yerin təkindən 4,4 milyard tondan çox – 34 milyard barel neft və kondensat çıxarılıb. Dünyada əmtəyə çevrilən, onunla müqayisəyə gələn bu həcmdə hansısa xammal və məhsul yoxdur.

İndi gəlin bir anlığa neftin toplam qiymətinə nəzər yetirək – əgər bu həcm tam şəkildə dünya bazarında satışa çıxarılsaydı, onun bazar dəyəri təqribən 1,9 trilyon dollar olardı.

Ola bilsin, bu rəqəm kiməsə bir şey ifadə etməsin, ancaq bütün dünya ölkələri il ərzində özünün müdafiəsinə təqribən 1 trilyon vəsait xərcləyir. Yəni neft bazarında hazırkı şəraitdə diktə məsələsi çox qəlizdir.

Dünyada neft qiymətlərinin dəyişməsi  o vaxt siyasi faktorla bağlı olur ki,  siyasi qarşıdurmalar baş verir.

Məsələn, 2014-cü ilin II yarısında neft kəskin ucuzlaşmağa başladı. Mətbuat burada o saat Vaşinqtonun “barmaq izlərini” axtarmağa başladı. Niyə? Çünki ortada Ukrayna hadisələri, Krımın Rusiyaya birləşdirilməsi kimi hadisələr vardı.

Ancaq qlobal yanaşanda neft qiymətlərinin kəskin ucuzlaşacağını BP şirkəti dəqiq tarixinə qədər (2014-cü ilin IV rübü), hələ bu hadisələr başlamamış anons etmişdi. Məsələnin mahiyyəti isə neft bazarında 2012-ci ildən kifayət qədər yığılıb-saxlanılan (daha yaxşı qiymətə satılmaq üçün) neft ehtiyatlarının olması idi.

İkinci amil neftin baha satıldığı dövrdə kəşfiyyata əvvəlki illərlə müqayisədə üç dəfədən çox vəsaitin xərclənməsi və nəticədə, istər dənizin daha dərinliklərində, istərsə də qurudakı çətin çıxarıla bilən yataqların əlçatan olmasının təmin edilməsi idi. Bazarda təklif tələbatı üstələyirdi.

– Qeyri-OPEC ölkəsi olan ABŞ xam neft hasilatını sürətlə artırmaqdadır. Bu hal kartelə daxil olan və olmayan ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişə necə təsir göstərəcək?

– ABŞ hasilatın artırılmasında rekordlarını yeniləyərək irəliləməkdədir. Bu günlərdə ABŞ enerji administrasiyasının yaydığı məlumatdan bəlli oldu ki, artıq ölkədə gündəlik neft hasilatı 1973-cü il səviyyəsindəki rekordu təzələyib – 10,038 milyon barel.

Cari il üçün gündəlik hasilat proqnozu 10,4 milyon barel səviyyəsindədir. Yəni ilin sonuna hasilatın 400 min barelə qədər artırılması gündəmdədir.  Ancaq ABŞ-ın qonşuluğunda yerləşən, əzəli “sinfi” düşməni Venesuela isə bir il ərzində hasilatı 600 min barel azaldıb.

Verilən proqnozlara görə, cari ildə dünyada iqtisadi artım ötən illə müqayisədə daha yüksək səviyyədə gözlənilir. Bu isə o deməkdir ki, dünya iqtisadiyyatının inkişafı üçün enerjiyə tələbat daha çox olacaq.

– Enerjiyə olan tələbat onun qiymətlərində öz əksini tapacaqmı? 

– Təbii. Ona görə də cari il üçün neft qiymətləri ilə bağlı ötən ilin noyabrında verilən proqnozlara artıq korrektələr edilir. Maliyyə institutları, enerji agentlikləri IV rübün yekunlarını, cari ilin ilk ayında dünya bazarında olan vəziyyəti nəzərə alıb, neft qiymətləri ilə bağlı daha optimist proqnozlar səsləndirməyə başlayıblar.

Burada əsas amillərdən biri dünyadakı iqtisadi templərin daha ümidverici gözləntiləridir. Dünya iqtisadiyyatı inkişafdadır. Qısaca desək, Afrika da, artıq beş il əvvəlki Afrika deyil, onlara daha çox yanacaq lazımdır.

– 2014-2015-ci illərdə iri neft şirkətləri – “Statoil”, “ExxonMobil”, “Royal Dutch Shell”, “Chevron”, eləcə də, digərləri ciddi böhran yaşadılar. Gəlirlərinin azalması səbəbindən onlardan bəziləri işçilərinin sayını azaltdılar, investisiya layihələrini təxirə saldılar. Şirkətləri böhrandan çıxmış hesab etmək olarmı?

– Fevral ayının əvvəlindən şirkətlər 2017-ci ilin yekunlarına dair hesabatlarını açıqlamağa başlayıblar. Yəni bu, audit edilməmiş hesabatlardır. Məsələn, “Statoil” şirkəti 2016-cı ili 2,92 milyard dollar zərərlə başa vurmuşdusa, artıq 2017-ci ildə 4,59 milyard dollar mənfəət qazandığını bəyan edib.

Götürək ilk üçlükdə olan neft nəhənglərini – Rusiya və  Səudiyyə Ərəbistanını. Bir il ərzində hasilatı 4-5 faiz azaltmalarına baxmayaraq, Rusiyada dövlətin və şirkətlərin ümumilikdə gəlirləri  neftin qiymətinin 20 faiz artması nəticəsində 47 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanında isə bu rəqəm 30 milyard dolları ötüb.

Azərbaycana gəlincə, bizdə rəqəmlər fantastikdir. Nəyə görə belə bir ifadə işlədirəm, indi izah edim.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ötən il hasilat 2016-cı illə müqayisədə 2,3 milyon ton azalıb. Yəni 2012-ci ildən indiyədək bizdə hasilatın bu tempdə azalması baş verməmişdi.

Çox böyük azalma tempinə baxmayaraq, “Azəri-Çıraq-Günəşli” yatağından daxil olan mənfəət (Hasilatın Pay Bölgüsü sazişi çərçivəsində Neft Fonduna daxil olan gəlirlərin 99 faizini, Neft Fondunun gəlirlərinin isə 92 faizini təşkil edir) 2016-cı ildə 5,1 milyard dollar olmuşdusa, 2017-ci ildə bundan 1,2 milyard dollar çox olub. Bu, onun bariz göstəricisidir ki, neftin qiymətinin artımı dövlətin mənfəətinə təsir edib.

Hesablama Palatasının 2018-ci il üzrə proqnozuna əsasən, cari il üçün neftin qiyməti 45 dollar götürülüb və bu qiymətlə Neft Fonduna “qara qızılın” satışından 5,8 milyard dollar vəsaitin daxil olması gözlənilir. Neftin qiyməti 60 dollar olarsa, Fonda daxilolmalar proqnozdan 33% yuxarı olar.

– Belə çıxır ki, qeyri-neft sektoru nə qədər inkişaf etdirilsə də, əldə olunan gəlir neft gəlirlərini üstələməyəcək? 

– Azərbaycan hökuməti 2008-ci ildən iqtisadiyyatın şaxələndirilməsini elan edib. Ötən il qeyri-neft sektorunun ümumi ixracda payı 1,538 milyard dollar olub.

Rəsmi statistikamızda Azərbaycanın qeyri-neft ixracının içərisində iki maddə üzrə neft-qaz sektoru özünə yer tapıb: a) SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (bəzi neft məhsulları) – 155 milyon dollar və Milli Neft Şirkətinin strukturuna daxil olan “SOCAR Methanol” MMC zavodunun metanol ixracı – 43 milyon dollar.

Ümumiyyətlə, SOCAR-ın strukturunda olan, lakin qeyri-neft sektoruna aid məhsulların həcmi gələcəkdə inkişafa meyilli olacaq. Bu, özünü istər daxili bazarda, istərsə də ixraca yönələn məhsullarda göstərəcək.

2019-cu ildə Azərbaycanın qeyri-neft sektoru xeyli yüksələcək. Belə ki, SOCAR-ın üç nəhəng zavodu layihə gücünə çatmalıdır: “SOCAR Karbamid” və “SOCAR Polymer”ə daxil olan iki zavodu missal çəkmək olar.

2020-ci ildən isə “Azərkimya” modernizasiyasını yekunlaşdırıb ixracat potensialını bir neçə dəfə artırmalıdır. 2020-2021-illərdə isə Heydər Əliyev adına Neft Emalı Zavodu tam gücü ilə yenilənmiş şəkildə məhsul istehsalına başlayacaq. Orada da qeyri-neft sektoruna aid edilən məhsul olacaq.

Bundan sonrakı illərdə enerji ixracımızda neftin xüsusi çəkisi azalacaq, təbii qaz artacaq, növbəti onillikdə neft məhsulları artımda dinamiklik nümayiş etdirəcək.

– Neftin qiymətinin ucuzlaşması nəticəsində Səudiyyə Ərəbistanının 850 milyard dollar valyuta ehtiyatı iki il sonra 400 milyard dollara qədər azaldı. Azərbaycanda əksinə, büdcə xərcləmələrinin effektivliyinin artımı təəssüratı var.

– İki dəfə aşağı büdcə ilə o dövrdə (neftin qiymətininin yüksək olduğu) gördüyümüz işləri hazırda da görürük. İkincisi, həmin illərdə bərpa edilən Bakıya nəzər yetirin, indi aparılan rekonstruksiya işlərinə baxın.

Digər tərəfdən, 2014-cü ildə neftin qiyməti ucuzlaşanda, sosial şəbəkələrdə, ictimaiyyətdə belə bir fikir yaranmışdı ki, 2018-ci ilə qədər Neft Fondunun vəsaitləri xərclənəcək. Çünki insanlar qənaətə meyilli deyildilər. Reallıq göstərdi ki, istəsək, ayağımızı yorğanımıza görə uzada, hətta zamanla ayaqlaşa bilərik. Hər şey istəkdən asılıdır.

– Bu ilin yanvar ayında Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə 554 min ton tranzit nefti nəql edilib ki, bu da ötən ilin yanvarından 30% çoxdur. Demək olarmı ki, Azərbaycan təkcə neft ixracatçısı deyil,  həm də tranzit ölkə rolunu oynamağa başlayıb?

– 10 il əvvələ qayıtmaq istəyirəm. Bakı-Tiflis-Ceyhan gündəmə gələndə bu marşrut beş mümkün layihədən biri idi. Onda Azərbaycan israr etdi. Hətta 1999-cu ildə müqavilə imzalanmasına baxmayaraq, 2003-cü ilə qədər şirkətlər layihəni maliyyələşdirməyə maraq göstərmirdilər.

Azərbaycan öz mənfəətindən beş faiz güzəştə getməyə razı oldu. Nə baş verdi? Nəzərdə tutulan vaxtdan əvvəl Azərbaycan layihənin maliyyələşdirilməsini başa çatdırdı.

SOCAR-ın payını maliyyələşdirmək üçün Neft Fondundan 289 milyon dollar ayrılmasına görə beynəlxalq maliyyə institutları Azərbaycanı tənqid edirdilər. Deyirdilər ki, bu, düzgün siyasət deyil, neft vəsaitləri elə neft layihələrinə yönəldilir.

2007-2011-ci ilin yarısına qədər olan müddətdə Neft Fondu həmin layihə çərçivəsində 550 milyon dollara yaxın mənfəət götürdü. Ondan sonra Azərbaycan prezidentinin sərəncamı ilə mənfəət SOCAR-a keçdi.

Ötən dövr ərzində Azərbaycanın o layihədən qazancı milyarda yaxın olub. Bundan gözəl yatırım ola bilərdimi?

Digər tərəfdən, o boru kəməri ilə həm Qazaxıstan, həm də Türkmənistan nefti ötürüldü. Hətta “LukOil” şirkəti Xəzərdəki “Korçagin” yatağından müəyyən həcmdə hasil etdiyi nefti də bu kəmərlə daşıdı.

Yəni BTC regional layihə rolunu oyanaya bilib. Ötən il BTC ilə altı milyondan çox tranzit neft nəql olunub. Bu kəmərlə Azərbaycan neftinin nəqli azalır, ancaq tranzit neftin nəqli artır. Vaxt keçəcək, BTC ilə tranzit neft nəqli 10 milyon tonu ötəcək.

Hesab edirəm ki, sadəcə, BTC-nin timsalında Azərbaycan artıq özünü neft tranzit ölkəsi kimi təsdiqləyib.

– Bir qədər əvvəl Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi (ATTN) respublika ərazisindən magistral boru kəmərləri ilə neft nəqli üçün yeni tariflər müəyyən etdi. “Qomeltrasneft Drujba” ASC və “Polotsktransneft Drujba” magistral boru kəmərləri ilə neftin Rusiya neftinin Avropaya nəqli tarifləri orta hesabla 6,7% qaldırıldı. Azərbaycanda tranzit qiymətləri necə dəyişir və bundan nə qədər qazanırıq? 

Ardı var…

L.Əliyeva
www.oxu.az