Maraqlı Xəbərlər

Bu il ABŞ-ın neft hasilatı gündəlik 10,6 mln barrel olacaq

Cari ildə ABŞ-ın xam neft hasilatı gündəlik orta hesabla 10,6 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) fevral ayı üzrə hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə ABŞ-ın xam neft istehsalının gündəlik orta hesabla 11,2 milyon barrel olacağı nəzərdə tutulur.

Beləliklə də EIA ABŞ-ın xam neft istehsalı üzrə proqnozunu bu il üçün gündəlik orta hesabla 300 min barrel, gələn il üçün isə sutkalıq 400 min barrel artırıb.

Hesabatında qeyd olunub ki, ölkənin xam neft istehsalı 2019-cu ilin dördüncü rübündə gündəlik orta hesabla 11,3 milyon barrelə qalxaraq rekord səviyyəyə çatacaq.

Yanvardakı hesabatında EIA 2018-ci ildə ABŞ-ın neft hasilatının sutkada 10,3 milyon barrel, gələn il isə gündəlik 10,8 barrel olacağını proqnozlaşdırırdı.