Azərbaycan

ARDNF 2017-ci ildə 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinə $111 mln. yönəldib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ildə ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə $110,9 mln. məbləğində vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“İndiyədək layihənin reallaşdırılmasına ARDNF-in büdcəsindən $904,6 mln., o cümlədən 2017-ci ildə $110,9 mln. ayrılıb”, – deyə məlumatda qeyd olunur.

Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi “Azerbaijan Rigs” MMC-dir. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 10% iştirak payına malikdir.

2013-cü ilin iyun ayında “Caspian Drilling Company” (ARDNŞ və “Global Santa Fe” tərəfindən təsis edilib) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar.

Qurğu 2017-ci il mayın 18-də istismara verilib. Onun ümumi hündürlüyü 130 metr, uzunluğu 106,5 metr, eni 69,5 metr, çəkisi 26 tondur. Qazma qurğusunda 160 nəfər çalışacaq.

Yarımdalma qazma qurğusu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulub. “Abşeron” yatağında qazma əməliyyatları bu qurğu vasitəsilə həyata keçiriləcək.