Azərbaycan

“Abşeron” yatağında ilk quyunun qazılmasına martda başlanılacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının müqavilə sahəsində ilk quyuda (ABD-001) bu ilin mart ayında qazma işlərinə başlanılacaq.

Report” xəbər verir ki, bu barədə “Abşeron” yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub.

Qazma işlərinin 2019-cu ilin mart ayında yekunlaşması gözlənilir. Qazma proqramı 379 gün nəzərdə tutulur. ABD-001 saylı quyu Heydər Əliyevadına yarımdalma qazma qurğusu ilə qazılacaq.

Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.