Maraqlı Xəbərlər

ABŞ-ın neft istehsalındakı artım OPEC+ sazişinə təsir göstərmir

ABŞ-ın xam neft hasilatındakı artım Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilə neft istehsalının azaldılmasına dair sazişə – OPEC+ sazişinə təsir göstərmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail bin Mohammed al-Mazroui deyib.

“ABŞ-da şist nefti istehsalının artması qlobal təklif çoxluğunun azaldılması üzrə digər hasilatçı ölkələr tərəfindən göstərilən səylərə mənfi təsir etməyəcək. Güclü tələbat və istehsal kvotalarına dair razılaşma ilə əlaqədar neft bazarının bu il yenidən balanslaşması gözlənilir”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.