Maraqlı Xəbərlər

Vyanada ənənəvi Avropa Qaz Konfransı işə başlayıb

Yanvarın 29-da Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı (European Gas Conference 2018) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 430-dan çox nümayəndə iştirak etdiyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir.

Yanvarın 31-dək davam edəcək konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.

TAP qaz boru kəməri layihəsi Avropa Qaz Konfransında əsas müzakirə mövzusu olacaq. TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres konfransın boru kəmərləri və bir-birinə bağlı olan bir neçə panelinə qatılacaq, TAP-ın inkişafı və layihənin faydaları barədə danışacaq. Konfransda “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı və TAP boru kəməri layihəsinin icra vəziyyəti, həmçinin qaz və dekarbonizasiyanın gələcəyi də müzakirə edilməsi nəzərdə tutulan məsələlərdəndir.

Konfrans Avstriyanın “OMV” şirkətinin təşkilatçılığı ilə keçirilir.