Azərbaycan

STEAŞ İzmirdə külək elektrik stansiyasının tikintisini tamamlayıb

“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyası (KES) tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib. O bildirib ki, layihə 55 milyon avroya başa gəlib.

Qeyd edək ki, KES “Petkim”in elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək. “Petkim KES”dəki 17 külək turbini ildə 200 giqavat elektrik enerjisi istehsal edəcək. Layihə üzrə 51 meqavat gücü və 17 turbindən ibarət olan külək elektrik stansiyasında turbinlərin quraşdırılması ötən il yekunlaşıb.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim” neft-kimya holdinqində təxminən 51 faizlik səhmə sahibdir.