Azərbaycan

“SOCAR Polymer” üzrə son məhsul anbarının tikintisi yekunlaşıb

“Prokon” şirkəti “SOCAR Polymer” üçün polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Sumqayıtda polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84×176 metr və daxili minimum hündürlüyü 6 metr olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub.

Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılıb və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə edib. Layihə üzrə aparılmış işlər çərçivəsində “Prokon” şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini uğurla bitirib.

“Prokon” şirkəti “SOCAR Polymer”in son məhsul anbarının tikintisi çərçivəsində zaman və əmək qabiliyyəti itkisi (LTİ) olmadan 350 mindən çox işçi-saat sərf etməklə layihənin icrasına öz töhfəsini verib.

“Prokon” “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlayıb. Şirkət tezliklə yerli bazarda irimiqyaslı “daunstrim” obyektləri tikib istismara vermək imkanlarına malik aparıcı tikinti şirkətlərindən birinə çevrilib. “Prokon”nun ən son iştirak etdiyi layihələr sırasına SOCAR-ın Karbamid zavodun tikintisi, rezervuarların quraşdırılması və sair işlər daxildir.