Azərbaycan

“SOCAR-KBR” “Mərkəzi-Şərqi Azəri” platforması üzrə 2 müqavilə imzaladı

“SOCAR-KBR” Birgə Müəssisəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundakı “Mərkəzi-Şərqi Azəri” hasilat, qazma və yaşayış platforması üzrə 2 fərqli ilkin detallı layihələndirmə (FEED) müqaviləsi imzalayıb.

AZƏRTAC “KBR” şirkətinə istinadla xəbər verir ki, müqavilələr yeni platforma üçün FEED xidmətlərinin təmin edilməsini, AÇG blokundakı digər mövcud platformalarla əlaqəni və sualtı xidmətləri əhatə edir.

“SOCAR-ın neft-qaz sahəsindəki, eləcə də “KBR”in öz təcrübəsi sayəsində iki şirkət “SOCAR-KBR” vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstan regionunda uğurla əməkdaşlıq edir. “KBR” 1993-cü ildən Azərbaycan, Gürcüstan və Türkiyə regionunda fəaliyyət göstərir. Bu müddət ərzində “KBR” ümumilikdə 25 milyondan çox nəfər/saat iş görüb. Hazırda “SOCAR-KBR”in komandasının 75 faizdən çoxu Azərbaycan mühəndisləridir”, – deyə “KBR”in Avropa, Orta Şərq və Afrika üzrə prezidenti Jay Ibrahim deyib.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.

“Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 445,4 milyon ton neft və 140,5 milyard kubmetr təbii qaz hasil olunub. Azərbaycan cari ilin əvvəlinədək AÇG-dən 250,7 milyon ton mənfəət nefti əldə edib. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 55 faizini təşkil edir.

Cari ildə AÇG neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. 2050-ci ilədək isə “Azəri-Çıraq-Günəşli”dən daha 500 milyon tona qədər neftin hasil olunması nəzərdə tutulur. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

Saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.