Azərbaycan

SOCAR İstiqrazları ilə əməliyyatların həcmi təxminən $123 mln. təşkil edib

Bu günədək SOCAR-ın korporativ istiqrazları ilə əməliyyatların həcmi $122,6 mln.-a çatıb. Bu barədə “SOCAR Capital” şirkətinin məlumatında deyilir.

“İstiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətinin məlumatına görə, ötən il təkrar bazarda 89230 SOCAR istiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi $89 mln. 535,626 min təşkil edib. Ümumilikdə bu günədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi $122,6 mln.-a çatıb”, – deyə məlumatda bildirilir.

“SOCAR Capital”ın məlumatına görə, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə $134 mln. məbləğində əməliyyat aparılıb. Başqa sözlə, SOCAR istiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.

Ötən il təkrar bazarda qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR istiqrazlarının payına düşür. “2017-ci ildə istiqrazların qiyməti $1 000-1 023 arasında dəyişib, ilin sonunda isə satış qiyməti $1030-a yüksəlib”, – deyə məlumatda qeyd olunur.

“PSG Kapital”ın məlumatında bildirilir ki, SOCAR istiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər istiqrazlarla həyata keçirdikləri REPO əməliyyatları vasitəsilə $11 mln. 692,646 min məbləğində kredit cəlb ediblər. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının 57%-i SOCAR istiqrazlarının payına düşüb. SOCAR istiqrazları ilə 13 REPO müqaviləsi bağlanıb.

«2017-ci ildə həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri $5 mln. gəlir əldə ediblər. 2018-ci ildə SOCAR istiqrazları sahiblərinə daha $5 mln. faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq”, – deyə məlumatda vurğulanır.

 Interfax.az