logo

SOCAR istiqrazı sahibləri bu il ilk gəlirlərini əldə edəcəklər

Views: 27

Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 17-də SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək. Bu, istiqraz sahiblərinin cari ildə qrafik üzrə ilk qazancı olacaq. 2017-ci ildə isə SOCAR istiqrazlarının sahibləri bu qiymətli kağızlardan 5 milyon dollar gəlir götürüblər.

Bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb: “Yanvarın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq”.

SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR istiqrazlarının digər qiymətli kağızlardan əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlərdir.

Bir qədər əvvəl start verilən REPO əməliyyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq ən aşağı faizlə (illik 3,5 faiz) kredit götürməyə imkan verib.

Bu xüsusiyyətlərinə və yüksək gəlirliyinə görə SOCAR istiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. Eləcə də, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da SOCAR istiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağıza çevrilib.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqrazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart