Rusiya

Səudiyyə Ərəbistanı və Rusiya əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirməyə hazırdır

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən hasilatın azaldılmasına dair saziş 2019-cu ildə də davam edə bilər.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu fikirlə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih və Rusiyanın energetika naziri Aleksandr Novak çıxış ediblər.

Hər iki nazir OPEC və Rusiyanın neft istehsalının azaldılmasını nəzərdə tutan sazişin müddətini 2018-ci ildən sonraya da artıra biləcəyini bildiriblər. Nazirlər mövcud sazişi 2018-ci ilin sonuna qədər davam etdirəcəklərini bəyan ediblər.

“Əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirməyə hazırıq. Lakin bu mexanizmin necə olacağı hələ təyin olunmayıb. Ancaq bəzi analitiklərin gözlədiyi kimi 2018-ci ildə neft ehtiyatlarında artım olarsa o zaman istehsalçı ölkələr neft hasilatının azaldılması üzrə sazişin müddətini gələn ilə də uzatmağı müzakirə edəcək”, – deyə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib.

“Dünyanın ən böyük iki neft çıxaran və ixrac edən ölkəsi sabitlik üçün bu sahədə əməkdaşlığını etdirəcək. Neft hasilatının azaldılması bazara müsbət təsir göstərir. Lakin hələ də nəzərdə tutulan hədəfə çatmamışıq”, – deyə Rusiyanın energetika naziri Aleksandr Novak əlavə edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən il tam yerinə yetirib.