logo

Qazlaşdırma məqsədi ilə SOCAR-a 100 mln. manata yaxın vəsait ayrılacaq

Views: 43

Azərbaycanda qazlaşdırmanın səviyyəsi bu ilin sonuna qədər 93%-dən 95%-ə çatdırılmalıdır.

“Report” xəbər verir ki, bu barədə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib.

“Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi – 93% yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 100 mln. manata yaxın vəsait nəzərdə tutulur. Şirkət bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95%-ə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”, – o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, hazırda ölkədə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur və bu il yeni böyük elektrik stansiyası işə düşməlidir: “Bu stansiya artıq bir neçə ildir ki, inşa edilir, “Şimal-2” elektrik stansiyasının açılışı bu il nəzərdə tutulur. Stansiyanın generasiya gücü 400 meqavatdır. Çox böyük stansiyadır, bizə əlavə potensial verəcək və əlbəttə ki, ilk növbədə, ixrac imkanlarımızı artıracaq. Çünki ölkə daxilində elektrik enerjisi ilə problemlər öz həllini tapıb, bizim əlavə ixrac imkanlarımız olacaqdır. Bununla belə, bu il bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, onların və transformatorların dəyişdirilməsi, yəni, elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində kifayət qədər böyük investisiya layihələri icra ediləcəkdir”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart