Azərbaycan

“Petkim”in $500 mln-luq istiqrazları İrlandiya Fond Birjasında emissiya ediləcək

SOCAR-ın “Petkim” neft-kimya holdinqinin təxminən 500 milyon dollarlıq istiqrazları İrlandiya Fond Birjasında emissiya ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

Qeyd edilir ki, birillik qüvvədə olacaq, şərtləri və digər proseslər satış vaxtında müəyyən olunacaq və təxminən 500 milyon dollarlıq istiqrazların xaricdə emissiyasına icazə verilib. İstiqrazların emissiyası üçün “Goldman Sachs” və “JP Morgan” anderrayter vəzifəsində çıxış edəcək. “Petkim”in müvafiq nümayəndələri İrlandiya Fond Birjasında emissiya ediləcək istiqrazların yerləşdirilməsi üzrə yanvarın 15-dən etibarən Birləşmiş Krallıq və ABŞ-da müvafiq banklar tərəfindən təşkil edilən bir sıra investor yığıncağına qatılacaq.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.