Azərbaycan

Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib

Yanvarın 29-da ARDNF-ə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.