Maraqlı Xəbərlər

Monitorinq Komitəsi: OPEC+ sazişinə keçən il 129% əməl olunub

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin – OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin yanvarın 21-də Omanda keçirilən VII iclasında iştirakçı dövlətlər neft hasilatının azaldılmasına dair sazişə sadiqlik nümayiş etdiriblər.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclasda iştirakçı ölkələrin neft hasilatının azaldılması üzrə OPEC+ sazişinə ötən il 129 faiz əməl etdiyindən məmnunluq ifadə edilib. 2016-cı ildə isə bu göstəricinin 107 faiz olduğu bildirilib.

OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi əldə olunan bu nailiyyətdən razıdır, bazarda tələb-təklif tarazlığının yaranması və “qara qızıl”ın qiymətindəki bahalaşmanın davamlı olması üçün səylərini əsirgəməyəcək. Komitə ötən il olduğu kimi bu il də iştirakçı ölkələrin saziş üzrə öhdəliyə sadiqlik nümayiş etdirəcəklərinə əmindir.

Həmçinin iştirakçı ölkələr də saziş üzrə öhdəliyə sadiq qalacaqlarını bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan iclasda təmsil olunmayıb. OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası apreldə Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən il tam yerinə yetirib.