İran

İran “Turkmengas” şirkətinin əleyhinə iki məhkəmə iddiası qaldıracaq

İran Türkmənistanın dövlət qaz şirkəti – “Turkmengas” əleyhinə iki dəfə məhkəməyə müraciət edəcək.

Report” xəbər verir ki, bu barədə qonşu ölkənin neft naziri Bijan Namdar Zənganə bildirib.

Onun sözlərinə görə, İran Türkmənistan şirkəti ilə Beynəlxalq Arbitraj Məhkəməsində çatdırılan təbii qazın keyfiyyətini aydınlaşdırmaq niyyətindədir.

Nazir İranın Türkmənistan şirkətinə qarşı digər iddiasının isə “mavi yanacağ”ın qiyməti ilə bağlı olduğunu deyib: “Türkmənistanın təqdim etdiyi qaz qiymətləri çox yüksəkdir və yenidən baxılmalıdır”.

Neft nazirinin sözlərinə görə, Türkmənistanın da onun ölkəsinə qarşı iddiaları var: “Türkmənistan tərəfi iddia edir ki, çatdırılan qaza görə İranın 1,5 mlrd. dollar borcu var, amma biz borcumuzu ödəmişik və qeyd olunan rəqəm düzgün deyil”.

Xatırladaq ki, ötən il dekabrın sonunda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə vermək üçün lazımi sənədləri hazırlamağı tapşırıb.