logo

BP: “Şahdəniz-2” yatağında 16 quyu qazılıb və onlardan 6-sı tamamlanıb

Views: 25

“Şahdəniz-2” yatağında ümumilikdə 16 quyu qazılıb və onlardan 6-sı tamamlanıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

“Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 16 quyu qazılıb. Həmin quyulardan 6-sı tamamlanıb, yəni istismara hazır vəziyyətə gətirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Xankəndi gəmisi yataqda sualtı qurğuların quraşdırılması işlərinə başlayıb. “Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il ərzində başlanması nəzərdə tutulur”, – deyə o əlavə edib.

T.Bayatlı bildirib ki, hazırda “Şahdəniz-2” üzrə dənizdəki qurğular, sualtı boru kəmərləri, genişləndirilən Səngəçal terminalı və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində (CQBKG) istismar sınaqları aparılır. Bundan başqa, Gürcüstandakı kompressor və nəzarət-ölçü stansiyalarında istismar sınaqları davam edir. Ümumilikdə “Şahdəniz-2” yatağının tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər 99 faiz icra olunub.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart