Azərbaycan

“Azəriqaz” keçən il “ASAN xidmət” vasitəsilə 262 min 666 istehlakçıya xidmət göstərib

“Azəriqaz” İstehsalat Birliyi ötən il “ASAN xidmət” vasitəsilə 262 min 666 istehlakçıya xidmət göstərib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” tərəfindən 2017-ci il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin olunub.

Ötən ilin yanvar-dekabr ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 262 min 666 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.