logo

Qazaxıstan neftin nəqli üçün Azərbaycanın boru kəmərləri sistemini öyrənir

Views: 53

Qazaxıstan ortamüddətli perspektivdə karbohidrogen ehtiyatlarının gözlənilən artımı ilə əlaqədar yeni neft ixracı marşrutlarını öyrənir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev “İnterfaks-Qazaxıstan” agentliyinə bildirib.

Nazirin sözlərinə görə, yeni marşrutlar Qazaxıstana 2023-2024-cü ildən tez lazım olmayacaq. Baxılan variantlardan biri Azərbaycan ərazisindən keçən boru kəmərləri və dəmir yolu daşımalarıdır. K.Bozumbayev deyib: “Biz hələ yalnız proqnoz balansını hesablamalıyıq – nə qədər hasil edəcəyik, haraya ixrac edəcəyik, Azərbaycan tərəfi hansı imkanlara malikdir. Gələcəkdə hansı tariflər ola bilər, onlar rəqabətlidirmi”. O əlavə edib ki, Azərbaycan karbohidrogenlərin nəqli üçün bir neçə variant təklif edə bilər. “Orada çox imkanlar var. Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tbilisi-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti), daha sonra dəmir yolu vasitəsilə bizim aşırma limanına nəql oluna bilər. İmkanlar çoxdur, məsələ tariflərin rəqabətqabiliyyətliliyindədir”, – deyə Kanat Bozumbayev sonda bildirib.

Dekabrda Bakı və Astana Qazaxıstan neft-qazının nəqli məsələləri üzrə iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əvvəl K.Bozumbayev qeyd etmişdi ki, işçi qrupu Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqlinin rəqabətqabiliyyətliliyini öyrənəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart