Azərbaycan

Azərbaycan neft hasilatının azaldılmasına yenidən dəstək verdi

Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası keçirilib. Toplantıya 14 OPEC üzvü, kartelə daxili olmayan 17 ölkə nəzərə alınmaqla ümumilikdə 32 ölkə qatılıb. 

Neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunubİclas çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində dünya neft bazarında vəziyyət təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks etdirən təqdimatlar edilib. OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi dəyərləndirilib. Neftin qiymətində tərəddüdlərin tədricən sabitləşmə ilə əvəz olunması, son dövrdə neftin bir barrelinin qiymətinin 60-63 dollar səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft ehtiyatlarının nisbətən azalması və neft bazarında tarazlığın qismən bərpası OPEC+ çərivəsində əməkdaşlığın mütərəqqi nəticələri kimi qeyd olunub.

Bununla belə Vyana razılaşmasını zəruri edən problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdiliklə razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb.

Energetika naziri Pərviz Şahbazov çıxışında bazarda qiymət sabitliyi üçün mühüm faktor olan tələbatın artmasının yaxın perspektivdə proqnozlaşdırılmadığını vurğulayaraq bildirib ki, neftin hazırkı qiymət diapazonunda belə saxlanılması üçün davamlı dəstək verilməlidir. Nazir tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb. “Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı Sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə daha da möhkəmləndirə bilər”, – deyə energetika naziri əlavə edib.

Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr “Əməkdaşlıq Bəyannaməsi”nə imza atıblar. Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasını ölkənin maraqlarına uyğun hesab edərək, öz dəstəyini ifadə edib. Türkmənistan, Özbəkistan, Çad, Konqo, Misir və Uqanda müşahidəçi qismində iştirak edərək, prosesə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Report.az