Azərbaycan

Neft Fondu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindən nə qədər qazanacaq?

2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” yatağı üzrə 5 milyard 194,80 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 428,90 milyon dollar vəsaitin daxil olması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı Rəy” sənədində deyilir.

Bildirilir ki, gələn il mənfəət neftinin və qazın satışı üzrə ARDNF-in daxilolmalarının 5 milyard 653,4 milyon ABŞ dolları və ya 9 milyard 723,8 milyon manat olması proqnozlaşdırılır. Bu da manat ifadəsi ilə 2016-cı ilin müvafiq icra göstəricisindən 1 milyard 403,7 milyon manat və ya 16,9 faiz çox, 2017-ci ilin proqnoz göstəricisindən 102,4 milyon manat və ya 1 faiz az, gözlənilən icra göstəricisindən isə 1 milyard 294,6 milyon manat və ya 11,7 faiz azdır.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında mənfəət neftinin və qazın satışından Dövlət Neft Fonduna 9 milyard 19,3 milyon manat və ya 5 milyard 227 milyon ABŞ dolları daxil olub.

2016-cı ildə isə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-in büdcəsinə 8 milyard 320 milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.

Keçən ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından əldə edilib. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon dollar və digər yataqlar üzrə isə 24,9 milyon dollar həcmində vəsait daxil olub.