Azərbaycan

Neft Fondu 2017-də ötən ildən $1 mlrd çox qazana bilər

Cari ilin IV rübündə neft qiymətlərinin dünya bazarında yüksək qiymətlərinin bərqərar olması Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) neft-qaz satışından gələn gəlirlərin həcmini $1 mlrd-dan çox artıra bilər.

Caspian Barrel-in ekspertlərinin hesablamalarına görə, noyabr-dekabr aylarında ARDNF-a neft və qaz satışından daxil olacaq vəsaitlərin həcmi $1 mlrd 100 mln-a yaxın ola bilər.

Cari ilin ilk on ayının nəticələrinə görə, Neft Fondu mənfəət neftinin və qazın satışından 9 milyard 19,3 milyon manat və ya 5 milyard 227 milyon ABŞ dolları əldə edib.

Xatırladaq ki, 2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-in büdcəsinə 8 milyard 320 milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.

Keçən ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından əldə edilib.

Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon dollar və digər yataqlar üzrə isə 24,9 milyon dollar həcmində vəsait daxil olub.