Azərbaycan

Bu gün Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının iclası keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 14-cü iclası keçirilir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Hökumətlərarası Birgə Komissiyasının iclası keçiriləcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

Həmçinin Hökumətlərarası Birgə Komissiyasının 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də, ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.

Azertag.az