Azərbaycan

BP əlillərlə bağlı yeni sosial layihəyə başladı

BP və onun tərəfdaşları  bu gün Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinə başlayıb.

azerbaycanda elilliyi olan sexsler ucun yeni sosial investisiya layihesine baslanib

“APA-Economics” in məlumatına görə, layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 iştirakçı ümumi təhsil alıb, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş şəxslərdir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını nəzərdə tutur. Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb. Layihə çərçivəsində bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılması planlaşdırılır.

Layihəyə digər iş bilikləri ilə yanaşı, ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya vebsayt proqramlaşdırılması, dizayn, ya da tətbiqi proqramların, proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaqlar.

Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz uğurlu karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.

Layihəyə cəlb ediləcək təlimçilər Xüsusi Təhsil Ehtiyacları üzrə Müəllimlərin Yetişdirilməsi təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qurğuya  ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində  müəllimlərə kömək üçün nəzərdə tutulub.

Layihə  “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək. Layihənin ümumi dəyəri  488 000 manatdır. 1 il müddətində icra olunacaq layihə 2018-ci ilin sonunda başa çatacaq.

APA.az